İDMAN
Xosep Qvardiola dünyanın ən bahalı futbol məşqçisidir
Bakı, 6 sentyabr, AZƏRTAC
“Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola futbol aləminin ən bahalı baş məşqçisi olub. Kataloniyalı mütəxəssisin illik maaşı 18 milyon avro təşkil edir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, ən bahalı məşqçilər siyahısında ikinci yerin sahibi Qvardiolanın “Bavariya” klubundakı xələfi Karlo Ançelottidir. İtaliyalı mütəxəssis ildə 15 milyon avro məvacib alır. “Mançester Yunayted” klubunun portuqaliyalı məşqçisi Joze Mourinyo ondan bir qədər az –14,7 milyon avro qazanır.
Dünyanın ən bahalı futbol məşqçilərinin siyahısında, həmçinin Arsen Venger (“Arsenal”), Luis Enrike (“Barselona”), Yurgen Klopp (“Liverpul”), Antonio Konte (“Çelsi”), Ronald Kuman (“Everton”), Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”) yer alır. Qeyd edək ki, ən bahalı mütəxəssislərin 6-sı İngiltərə premyer liqasında çalışır.