CƏMİYYƏT


Xroniki pankreatit proqressivləşən xəstəlikdir

Bakı, 10 noyabr, AZƏRTAC

Pankreatit mədəaltı vəzinin iltihabı xəstəliyi olub, pankreatik axarlarda vaxtından əvvəl aktivləşmiş pankreatik fermentlərin öz toxumasına göstərdiyi zədələyici təsirlə şərtlənir. Xroniki pankreatit isə proqressivləşən xəstəlikdir, kəskinləşmə və remissiya dövrlərinin növbələşməsi ilə səciyyələnir. Kəskin pankreatit, xroniki alkoqolizm, öd yollarının xəstəlikləri, xüsusilə də daşlı xolesistit, mədə və bağırsaqların xroniki xəstəlikləri, qarın boşluğu orqanlarına cərrahi müdaxilə, irsi meyillilik, bol yağlı, ətli qidaların qəbulu xroniki pankreatitin etioloji səbəbləri hesab olunur. Xəstəliyin patogenezinin əsasında mədəaltı vəz toxumasının degenerasiyası, skleroz, ekzokrin parenximanın reduksiyası, axarların dəyişikliyə uğraması və ardınca kalsifikasiyalaşması durur. Xəstəlik əsasən ağrı sindromu – epiqastral nahiyədə əmələ gələn və belə, qarnın sol yarısına yayılan ağrı, bədən çəkisinin azalması və dispeptik əlamətlər, yəni qəbizliklə növbələşən ishal, massiv pankreatik ishal ilə özünü büruzə verir.

Bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.

Həkim-terapevt, həmçinin deyib: "Kliniki gedişinə görə, xroniki pankreatitin 4 əsas forması ayırd olunur. Latent və yaxud ağrısız forma uzun müddət heç bir klinik əlamət olmadan davam edir və daha çox xronik alkoqoliklərdə, mədə, bağırsaq, ödçıxarıcı yolların xəstəliyi olan şəxslərdə yaranır. Pəhrizin pozulması zamanı epiqastral nahiyədə köp, ağırlıq hissi, ürəkbulanma meydana çıxır.

Ağrılı forma epiqastral nahiyədə sol qabırğaaltında ağrıların olması, bir çox hallarda kəmərləyici xarakter daşıması, aylarla davam etməsi ilə səciyyələnir. Eyni zamanda, xəstələrdə iştahasızlıq, bədən çəkisinin azalması, ishal, meteorizm qeydə alınır.

Xroniki residivləşən pankreatitə təqribən 60 faiz hallarda rast gəlinir və gedişin dalğavarı olması ilə səciyyələnir – kəskinləşmə və remissiya dövrləri bir-birini əvəzləyir. Kəskinləşmə dövründə xroniki pankreatit üçün səciyyəvi olan əlamətlər kəskin nəzərə çarpır, remissiya dövründə isə sönükür.

Psevdotumoroz formaya 5-10 faiz hallarda rast gəlinir və əsasən də alkoqoliklərdə müşahidə olunur. Hiperplastik proses əsasən mədəaltı vəzinin başında qeydə alınır və çox vaxt sarılığa, kəskin arıqlamaya, dispeptik pozulmalara, vəzin kirəcləşməsinə gətirib çıxarır. Xəstəlik vaxtında müalicə olunmadıqda abses və yalançı kistaların inkişafı, bağırsaq qanaxmaları, xolangit, hepatit, enterokolit və mədəaltı vəzi xərçəngi ilə ağırlaşır. Diaqnozun qoyulması anamnestik, obyektiv məlumatlara, ultrasonoqrafiya, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, endoskopik retroqrad xolangiopankreatoqrafiyaya və laborator müayinələrə əsaslanır".

Mütəxəssis bildirib ki, xəstəliyin kəskinləşmə dövründə 2-3 gün ərzində tam aclıq – yalnız su içməyə icazə verilməsi, mədə möhtəviyyatının çıxarılması, parentral olaraq elektrolitlərin və qlükozanın yeridilməsi göstərişdir. 3-4-cü gündən tədricən kəskin pankreatitli xəstələr üçün olan pəhrizə keçilir. Dərman müalicəsində isə antibiotiklərdən, ağrıkəsicilərdən, spazmolitiklərdən və ferment əvəzedicilərindən, vitaminlərdən istifadə olunur. Konservativ müalicə əlverişsiz olduqda cərrahi müalicəyə müraciət olunur.

Xəstəliyin profilaktikası pəhrizə, qidalanma rejiminə əməl etməkdən, spirtli içkilərin qəbulundan imtina etməkdən, mədə, bağırsaq və ödçıxarıcı yolların xəstəliklərinin profilaktikasını həyata keçirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.