Xroniki ürək çatışmazlığı bir neçə orqanın xəstəliyi nəticəsində əmələ gəlir
AzerTAg.az

Bakı, 2 dekabr, AZƏRTAC
Xroniki ürək çatışmazlığı bir neçə orqanın xəstəliyi nəticəsində əmələ gəlir.
AZƏRTAC Azərbaycan Tibb Universitetinə istinadla bildirir ki, bunu rezidentlər üzrə “Xroniki ürək çatışmazlığı” mövzusunda keçirilən seminarda Tədris Cərrahiyyə Klinikasının həkim-kardioloqu Yasmin Rüstəmova deyib.
Amerika və Avropa Kardioloqlar cəmiyyətlərinin təsvirlərindən müqayisəli sitat gətirən mütəxəssis qeyd edib ki, ürək çatışmazlığı simptom və hər hansı əlamətlər olan struktur və ya funksional problemlər nəticəsində yaranan mədəciklərin doldurulması və ya qanın boşaldılmasının pozulması ilə əlaqədar kompleks bir klinik sindromdur. “Əvvəllər düşünülürdü ki, xroniki ürək çatışmazlığı birbaşa ürəklə əlaqəli bir xəstəlikdir. Əslində isə bu sindrom bir neçə simptomun, hətta bir neçə orqanın xəstəliyi nəticəsində əmələ gəlir”, - deyə kardioloq bildirib.
Həkim diqqəti ürək çatışmazlığının etiologiyasına yönəldərək ürək funksiyasının zəifləməsinin əsas səbəblərindən danışaraq bildirib ki, hipertoniya zamanı damar rezistentliyinin artması və ya qulaqcıq səyriməsi tipli taxiaritmiyaların inkişafı ürək çatışmazlığına səbəb olur. Ürəyin işemik xəstəliyi isə miokardın zədələnməsinin ən əsas səbəbidir.
Xəbərin mətnində orfoqrafik səhv var