REGİONLAR
Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir olunub VİDEO
Bakı, 10 iyun, AZƏRTAC
Dəniz mövsümü öncəsi 25 kilometr uzunluğa malik Xudat-Nabran avtomobil yolu yenidən qurulub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü kilometrlik hissəsini təşkil edən Xudat-Nabran yolunun bərpası AAYDA tərəfindən yüksək sürətlə və keyfiyyətlə, bu yoldan istifadə edən vətəndaşlarımızın gediş-gəlişinə maneə yaratmadan icra olunub.
1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmiş və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunub. Yolun hərəkət hissəsi 7,5 metr enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla asfaltlanma işləri 180 min kvadratmetrdən çox sahəni əhatə edib.
Texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yolboyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla dəniz turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində, yolboyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.