REGİONLAR
Xudatda Nizami Gəncəvinin heykəli ucaldılacaq
Xaçmaz, 8 iyun, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunun Xudat şəhərində dahi şair və mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və abadlıq işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 2 hektaradək olan parkda Nizami Gəncəvinin heykəli ucaldılacaq, abidənin ətrafı milli memarlıq üslubunda abadlaşdırılacaq.
Parkda 2500 kvadratmetr əraziyə tamet döşənəcək, yaşıllıqlar və gül kolları salınacaq. İstirahət məkanında yeni oturacaqlar, fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq. Parkda elektron kitabxana, müxtəlif idman qurğuları və uşaqların mənalı istirahəti üçün attraksionlarda mövcud olacaq.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev parkda həyata keçirilən yenidənqurma işləri ilə tanış olub, müvafiq tapşırıqlarını verib.
Rayon icra hakimiyyətinin başçısı ilə söhbət edən sakinlər son illər Xudat şəhərində həyata keçirilən tikinti, quruculuq və abadlıq işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Ötən il Xaçmaz rayonunda həyata keçirilən abadlıq işləri çərçivəsində Xudat şəhərinin 26 küçəsinə asfalt döşənib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün səkilər qoyulub, müasir gecə işıqlandırma sistemi yaradılıb.