REGİONLAR
Xudatda kafedən və mərc oyunları məntəqələrindən oğurluq edən şəxs saxlanılıb
Xaçmaz, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
Xudatda və Quba şəhərində yerləşən “Topaz” mərc oyunları məntəqələrindən və kafedən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Nizami Məmmədov iyulun 8-də DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz və Yalama xətt polis bölmələri əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Aparılan tədbirlərlə onun Xudatda və Qubada “Topaz” mərc oyunları məntəqələrindən ümumilikdə 340 manat və Xudat şəhəri ərazisində yerləşən kafelərin birindən 25 manat oğurlaması müəyyənləşib.
Dindirilmə zamanı N.Məmmədov törətdiyi cinayəti etiraf edib.
Faktla bağlı araşdırmalar aparılır.
Nizami Məmmədovun başqa bölgələrdə analoji cinayətləri törədib-törətməməsi araşdırılır. Onun cinayət əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin aidiyyəti üzrə rayon polis şöbəsinə müraciət etmələri xahiş olunur.