REGİONLAR
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır
Zaqatala, 25 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayon Mərkəzi Kitabxanasında şairə, maarifçi və ictimai xadim Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə “İncə ruhlu zərif xanım” adlı tədbir keçirilib.
Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemindən (MKS) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbiri MKS-nin direktor əvəzi Leyla Məmmədova açaraq, Prezident İlham Əliyevin Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını diqqətə çatdırıb. Natəvanın Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarından biri olduğunu bildirən Leyla Məmmədova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Şuşanın işğaldan azad edilməsi ilə Natəvan kimi görkəmli simaların ruhlarının da şad olduğunu vurğulayıb.
Tədbirdə kitabxananın əməkdaşları Nüşabə Əfəndiyeva, Asimə Nurməmmədova, Yasəmən Məmmədova Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib, onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən söz açıblar. Bildirilib ki,1960-cı ildə Bakıda şairənin heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılıb. Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərək buradakı tarixi-memarlıq və mədəniyyət abidələrini vandalcasına dağıdarkən güllə ilə zədələdikləri həmin büst 44 günlük Vətən müharibəsində Şuşa şanlı Azərbaycan Ordusu tərəfindən azad olunduqdan sonra əzəli məkanına qaytarılıb.
Sonda kitabxananın oxucuları Xurşidbanu Natəvanın şeirlərini ifa edib, şairə haqqında yazılmış poemalardan, pyeslərdən parçalar səsləndiriblər.