MƏDƏNİYYƏT


Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Natəvan” operası nümayiş olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun “Natəvan” operası nümayiş edilib.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində Xan qızının həyat və yaradıcılığı öz əksini tapıb, bir şairə, dövlət xadimi və ana kimi onun bənzərsiz obrazı yaradılıb.

Operada teatrın təcrübəli solistləri (Azər Zeynalov-Xasay bəy, Cahangir Qurbanov-Xasay bəyin əmisi, Tural Ağasıyev-Qara paltarlı, Təyyar Bayramov-Xanəndə) ilə yanaşı, gənc vokalçılar da yer alıblar. Böyük Britaniya Kral Musiqi Akademiyasının məzunu, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Selcan Nəsibli-Natəvan, aparıcı solistlər Taleh Yahyayev-Qasım bəy Zakir, Mahir Tağızadə-Aleksandr Düma, Fəhmin Əhmədli-Hacı Abbas Agah, Rəvanə Əmiraslanlı-Xanəndə qız partiyalarında çıxış ediblər.

Opera tamaşası ilk dəfə 2003-cü ildə Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulub. Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rəssamı – Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşçusu – Xalq artisti Tamilla Şirəliyeva, xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu dəfə Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev təqdim edib.

Səhnə əsərində tamaşada Xan qızı Xurşidbanunun obrazı ilə yanaşı, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də geniş yer verilmiş və bu günümüzlə səsləşən mövzuya toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.