ELM VƏ TƏHSİL
Xurşidbanu Natəvanın əl işi olan köynək bərpa prosesinin növbəti mərhələsində
Bakı, 3 oktyabr, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvanın öz əlləri ilə avropasayağı üslubda tikdiyi ipəkdən köynəyin üzərində bərpa və konservasiya işləri davam edir.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
İpək krujeva ilə nazik fransız ipək parçadan hazırlanmış köynək qadın geyim dəbində baş verən dəyişikliklərdən, yeniliklərdən, milli ənənəvi üslubdan Avropa üslubuna keçiddən xəbər verir. Eksponatın tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, bərpa və konservasiya işləri materialın heç bir hissəsi demontaj edilmədən həyata keçirilir.
Bərpaçı-rəssam Nuridə Hüseynova tərəfindən aparılan bərpa və konservasiya işləri yekunlaşdıqdan sonra eksponat ictimaiyyətə təqdim ediləcək.