MƏDƏNİYYƏT


Xüsusən zövq alar arif muğamat var olan yerdə... VİDEO

VII Muğam Televiziya Müsabiqəsi davam edir

Bakı, 24 may, AZƏRTAC

Məlahətli səsə sahib olmaq xüsusi istedaddır. Bu istedadın üzə çıxması üçün geniş imkanlar gərəkdir. Elə bu baxımdan ənənəvi olaraq iki ildən bir təşkil olunan Muğam Televiziya Müsabiqəsi təqdirəlayiqdir. Peşəkar münsiflər heyətinin fikrincə, növbəti dəfə muğamsevərləri ətrafına toplayan VII Muğam Televiziya Müsabiqəsini çox gözəl səslər bəzəyir.

Heydər Əliyev Fondunun dəstəyi, AzTV-nin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən VII Muğam Televiziya Müsabiqəsi davam edir.

Müsabiqənin münsiflər heyətinin tərkibinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanır.

Münsiflər heyətinin üzvü, Xalq artisti Mənsum İbrahimov AZƏRTAC-a müsahibəsində deyib ki, artıq sayca 7-ci dəfə təşkil olunan Muğam Televiziya Müsabiqəsinin son həftələridir. Müsabiqənin yekunlaşmasına 3 həftə qalıb, yarışma çox gərgin davam edir. Hazırda mübarizə ən yaxşıların-yaxşısı arasında gedir. Tamaşaçılar arasında da yaxşı mənada müsabiqəyə maraq artıb, ona görə ki, hər kəs seçdiyi, bəyəndiyi ifaçını qalib görmək istəyir.

Mənsum İbrahimov deyib: “Müsabiqənin ən üstün cəhəti odur ki, hər dəfə muğam sənətinə yeni səslər, yeni ifaçılar gəlir. Muğam sənətinin inkişafında, tanınmasında Heydər Əliyev Fondunun böyük rolu olub. Mən xüsusi olaraq Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Bu gün dövlətimiz tərəfindən muğam sənətinə çox böyük diqqət və qayğısı göstərilir. Muğamlarımızın bütün dünyada təbliği baxımından çox böyük işlər görülür”.

Seçim turlarında ölkəmizin bütün bölgələrini gəzdiklərini söyləyən Xalq artistinin sözlərinə görə, onlar 400-dən çox ifaçını dinləyərək ilk 20-liyi seçiblər: “Bu 20-likdə İran İslam Respublikasını təmsil edən 2 ifaçı da var. Onlardan biri Ərdəbildən, digəri isə Miyana şəhərindəndir. Bunun özü də çox önəmlidir. Müsabiqəni İranda yaşayan soydaşlarımız da çox izləyir və bizə rəylər yazırlar. Mən deyərdim ki, bu layihə böyük layihədir, çox sevilən layihədir. Azərbaycan televiziyasının yayımlandığı bütün ölkələrdə bu müsabiqə böyük maraqla izlənilir. Bu da muğamlarımızın təbliğinə böyük töhfədir”.

İfaçılardan Vəliş Mirzəyev deyib ki, ilk təhsilini Şamaxıdakı musiqi məktəbində alıb, hazırda Xalq artisti Zabit Nəbizadədən muğamların sirrini öyrənir. Müsabiqəyə bir neçə dəfə qatılmaq istəsə də, düşə bilmədiyini söyləyən gənc ifaçı bildirib ki, burada iştirak təkcə tanınmaq deyil, həm də böyük məsuliyyətdir. Bu, bütövlükdə muğamın məsuliyyətidir. Gərək elə edəsən ki, uzun tarixi bir yol gələn muğam sənətimizin tanınmasına, inkişafına töhfə verə biləsən. Müsabiqənin keçirilməsini istedadlı ifaçıların yetişməsinə və muğam sənətimizin yaşadılmasına böyük dəyər kimi qiymətləndirən Vəliş Mirzəyev bu işdə əməyi olan hər kəsə minnətdarlığını söyləyib.

Müsabiqənin onun bir ifaçı kimi formalaşmasına çox böyük təsir göstərdiyini deyən gənc ifaçı bildirib ki, burda hər bir münsifin fikri onun üçün çox qiymətlidir. Vəliş Mirzəyev bildirib ki, hazırda Məhəmməd Füzulinin qəzəlləri üstə “Orta Mahur” təsnifini ifa edəcək.

Xalq artisti Gülyaz Məmmədovadan muğamlarımızın sirlərini öyrənən gənc ifaçı İlahə Rüstəmova bildirib ki, ilk 20-liyə düşməsinə çox sevinib. “Bu 20-lik bir qalibiyyət deməkdir. 400 nəfərdən 20 nəfərin seçilməyi özü bir uğurdur. Burda hər bir ifaçının özünəməxsus gözəl səsi var, hamımız çalışırıq ki, birinci olaq. Münsiflər heyəti çox tanınmış muğam bilicilərindən ibarətdir. Onlar çalışır ki, bizə düzgün istiqamət versinlər. Onların tövsiyə və tapşırıqları bizim üçün çox önəmlidir. Artıq müsabiqə yekunlaşmaq üzrədir. Getdikcə həm həyəcanımız artır, həm də məsuliyyətimiz. Bu, biz gənclərə çox böyük dəstəkdir. Hər həftə müxtəlif dəstgahlara, müxtəlif şairlərin yaradıcılığına müraciət edirik. Bu gün Məhəmməd Füzulinin qəzəlləri üstə “Rahab” təsnifi ifa edəcəyəm”.

Sonra Beynəlxalq Muğam Mərkəzində dinləmələr başlayıb. Gecədə gənc ifaçılar Vəliş Mirzəyev, Türkanə Nəcəfova, Rəvan Qaçayev, İlahə Rüstəmova və Murad Rüstəmzadənin ifaları dinlənilib. Münsiflərin verdiyi ballar əsasında bir nəfər ifaçı müsabiqəni tərk edib. Bununla da müsabiqənin 11-ci həftəsi başa çatıb və birincilik uğurunda mübarizədə 9 ifaçı qalıb.

Qeyd edək ki, müsabiqənin növbəti 12-ci həftəsində Şah İsmayıl Xətai yaradıcılığına müraciət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.