CƏMİYYƏT


Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət yığma komandasının üzvləri ilə görüş olub

Bakı, 5 iyul, AZƏRTAC

Estoniyada keçirilən beynəlxalq turnirdə qızıl medala layiq görülən Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət yığma komandasının üzvləri ilə görüş keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev beynəlxalq futbol turnirində qızıl medala layiq görülən yığma komanda üzvlərini təbrik ediblər.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar idman sahəsini də əhatə edir və bu sahənin inkişafı prioritet istiqamətlərdən birinə çevrilib. Aparılan siyasətin uğurlu nəticəsi olaraq Azərbaycan idman ölkəsinə çevrilib və idmançılarımız müxtəlif nüfuzlu yarışlarda uğurlu nəticələr əldə edirlər.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi məqsədilə proqramlar icra edildiyini, nazirliyin reabilitasiya mərkəzlərində onların sosial xidmətlərlə təmin edilməsi ilə yanaşı, həm də müxtəlif idman yarışlarına hazırlığının həyata keçirildiyini bildirib: “Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində 10-dan çox idman növü üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə aiddir. Milli Paralimpiya Komitəsinin yığma komandasının tərkibində "Tokio-2020" Yay Paralimpiya Oyunlarında ölkəmizi yüksək səviyyədə təmsil edən paralimpiyaçıların bir hissəsi də həmin kompleksdə hazırlıq keçib. Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində də bocciaçıların məşq etməsi üçün hər cür şərait yaradılıb. Onlar burada yataqxana, iaşə, sosial-psixoloji, hüquqi və digər xidmətlərlə də təmin edilirlər”.

Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev bildirib ki, beynəlxalq futbol turnirinin qrup oyunlarında Belçika və Macarıstan komandalarını məğlub edən Azərbaycan komandası divizionda birinci yerə çıxıb və finala vəsiqə qazanıb. Finalda Litva yığmasına qalib gələn xüsusi olimpiyaçılarımız çempion adını qazanıblar.

O, qeyd edib ki, iyulun 17-dən 22-dək İsveç Krallığının Göteburq şəhərində keçiriləcək Beynəlxalq "Gothia" Kuboku Turnirində Azərbaycan Xüsusi Olimpiya Komitəsinin oğlanlardan və qızlardan ibarət futbol üzrə yığma komandaları iştirak edəcək.

V. Behbudov və Ş. Əliyev həmin turnirə hazırlaşan futbolçuların məşq prosesini izləyiblər və qarşıdakı turnirdə onlara uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.