CƏMİYYƏT
Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu: Düşmən 44 günlük Qələbəmizi hələ də həzm edə bilmir VİDEO
Bakı, 20 sentyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Azərbaycan hökuməti şəhid ailələri və qazilərə xüsusi diqqət göstərir. AZƏRTAC-ın əməkdaşı bu qayğı barədə məlumat almaq üçün Vətən müharibəsi qazisi İbrahim Həsənovla 4 saylı Dost Mərkəzində müsahibə alıb.
Həsənov İbrahim Məzahiroğlu Füzuli rayonunda anadan olub. Füzulidə keçirdiyi illərdən danışan müsahibimiz söyləyir ki, doğulduğu torpağı düşməndən xilas etdiyi üçün çox qürurludur: “1987-ci il mayın 8-də Füzuli rayonu Kərimbəyli kəndində anadan olmuşam. Kəndimizin gözəl havası, meşələri, bağ-bağatı çox gözəl idi. Çiçəklərin ətri hələ də burnumdadır…1994-cü ildə şəhid Əkirəm Səlimov adına Kərimbəyli kənd orta məktəbin 1-ci sinfində təhsil almağa başladım. Elə ilk gündən müəllimlərimiz Vətən, doğma torpaq sevgisinin candan əziz olduğunu öyrətdilər”.
Orta məktəbi 2005-ci ildə bitirən İ.Həsənov oktyabrın 31-də həqiqi hərbi xidmətə yollanır. 2007-ci il aprelin 2-də hərbi xidmətini bitirərək, ordu sıralarından tərxis olunub. Ancaq doğma torpağına olan bağlılığı onu yenidən könüllü olaraq orduya qaytarır.
2010-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq kursunu müvəffəqiyyətlə başa vurur: “Kursu bitirdikdən sonra gizir hərbi rütbəsi verildi. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin döyüş əməliyyatlarında iştirak etdim. 2016-cı ildə Aprel döyüşlərində düşmənə Azərbaycan Ordusunun nəyə qadir olduğunu sübut etdik”.
İgid oğul Aprel döyüşlərində düşmənin canlı qüvvəsini öz snayperi ilə məhv edib.
Torpaqlarımızın işğaldan azad olunmasında xüsusi ilə fərqlənən İ.Həsənov Vətən müharibəsindən də danışıb: “2020-ci il sentyabrın 27-də düşmən hücumunun qarşısını almaq və əks hücuma keçmək üçün əmr gəldi. Doğulduğum torpağı azad etməyə tələsirdim… Murovdağ istiqamətində döyüşlərə başladıq. Ərazinin relyefinin çətin olmasına və havanın soyuq olmasına baxmayaraq Azərbaycan əsgəri öz torpağını azad etməyə başlamışdı. Dörd gün bu ərazidə qaldıq və bu bölgəni Milli Orduya təhvil verdikdən sonra Cəbrayıla yollandıq.
Cəbrayılda düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdik. Oktyabrın 4-ü üçrəngli bayrağımız əraziyə bərkidilən gün yaşadığım “Artıq Cəbrayıl bizimdir ”hissini sözlə ifadə etmək çətindir”.
1997-ci ildə tərk etmək məcburiyyətində qaldığı yurdunu - Füzulini azad etməyə yollanan qəhrəman orada düşmənə necə qan uddurduqlarından söz açıb: “Ağır döyüşlərdən sonra Musabəyli kəndində düşmən postunu ələ keçirdik. Dincəlmək üçün bir az əyləşdim. Corabımı çıxarmaq istəyəndə gördüm ki, corab ayağıma yapışıb. Yəni biz gecə-gündüz demədən, istirahət etmədən düşməni məhv edirdik! Daha sonra düşmənin ağır artilleriyasının olduğu əraziyə getdik. Aramızda 50 metr məsafə var idi. Düşmən bizdən xəbərsiz idi. Orada olan bütün canlı qüvvəni məhv etdik. Bizdən də şəhidlər oldu, Allah hamısına rəhmət eləsin…”.
Kəlbəcərin, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasında iştirak edən İbrahim 2020-ci oktyabrın 16-da Füzulidə yaralanaraq hospitala yerləşdirilir: “Füzulidə çox yüksək bir ərazi var idi. Həmin yerdən bütün rayona nəzarət etmək mümkün idi. Aşağıda axtarış işləri gedirdi. Bir neçə gün sonra düşmən ağır artilleriyadan bizi atəşə tutdu. Yaralanmağıma baxmayaraq evimi düşməndən azad etdiyim üçün çox qürurluyam. Evim demişkən, evdən əsər-əlamət yox idi. Bütün kənd düzənliyə çevrilmişdi…”.
Müalicə aldıqdan sonra noyabrın 7-i yenidən döyüşə yollanmaq üçün düşərgəmizə getdim. “Noyabrın 8-də Şuşanın azad olunması xəbərini aldım və Ali Baş Komandan Zəfər Günümüzü elan etdi! Şuşanın azad olunmasında iştirak edə bilməsəm də, şükürlər olsun ki, torpaqlarımızı 30 il sonra yağı düşməndən xilas etdik”.
Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçusu söyləyir ki, düşmən Vətən müharibəsindən böyük dərs çıxarmalı və təxribat xarakterli hücumlardan əl çəkməlidir. “Bu ilin sentyabrında düşmənin təxribata əl atması bizim onlara yaşatdığımız məğlubiyyət hissini həzm edə bilmədiklərini sübut edir. Ancaq ermənilər bilməlidirlər ki, 44 gündə canımız-qanımız hesabına azad edilən torpaqlarımıza ayaq basa bilməzlər! Azərbaycan əsgəri təxribata cavab olaraq bunu bariz formada göstərdi. Lazım gələrsə yenidən formanı geyinib orduya yollanaram!”.
Qeyd edək ki, İbrahim Həsənov Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən döyüşlərdə göstərdiyi igidliklərə görə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olmasına görə", "Xocavəndin azad olmasına görə", “Kəlbəcərin azad olmasına görə", "Xidmətdə fərqlənməyə görə" medalları ilə təltif edilib.