CƏMİYYƏT


Xüsusi karantin rejimi müddətində ünvanlı yardımın təyinolunma müddəti bitən ailələrə həmin yardımın verilməsi davam edəcək

Bakı,2aprel,AZƏRTAC

Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin sosial müdafiəsi diqqətdə saxlanılır.

Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə” 2020-ci il 1 aprel tarixli Qərarı da bu məqsədə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qərara əsasən, ölkəmizdə martın 1-dən etibarən xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılır.

Belə ki, qanunvericiliyə uyğun olaraq, ünvanlı sosial yardım ailəyə iki il müddətinə təyin olunur. Lakin indiki şəraitdə bu müddət bitdiyi halda, ailəyə yardımın verilməsi dayandırılmayacaq. Ailənin təkrar olaraq yardım üçün müraciət etməsinə ehtiyac qalmadan, eyni məbləğdə həmin yardımın xüsusi karantin rejimi dövründə də ödənişi davam edəcək.

Hazırda 70 minədək ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunur və orta hesabla hər ailəyə aylıq 216 manat sosial yardım verilir.

Mart ayı ərzində 3 min 516 ailəyə sosial yardımın verilmə müddəti başa çatsa da, yardımın ödənişi davam etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.