CƏMİYYƏT
Xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb
Bakı, 21 iyul, AZƏRTAC
Ölkədə tətbiq olunmuş xüsusi karantin rejiminə riayət edilməsinə nəzarət tədbirləri çərçivəsində koronavirusa yoluxanların karantinə yerləşdirildiyi 35 şəhər və rayon üzrə 62 xəstəxananın və digər obyektlərin sutkalıq mühafizəsi davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 21-də Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.
Nazir, həmçinin xüsusi karantin rejiminin tələblərini pozan 195 minə yaxın şəxs haqqında inzibati məsuliyyət tədbirlərinin görüldüyünü, onlardan 788 nəfərin həbs olunduğunu, 193 min 560 nəfərin, o cümlədən tibbi maskadan istifadə etmədiklərinə görə 17 min 820 nəfərin cərimələndiyini bildirib.