CƏMİYYƏT
Xüsusi “peşəkarlıqla” gizlədilən külli miqdarda psixotrop maddənin gömrükdən keçirilməsi cəhdinin qarşısını alınıb VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xüsusi “peşəkarlıqla” gizlədilən külli miqdarda - 1,7 kiloqramadək psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı-Dubay aviareysi ilə gedən İran vətəndaşları Naderi Abdullah Seyfullah və Yeganehdeviç Macid Xodabaxşın səyahət marşrutlarını riskli hesab edən Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları onları nəzarətə götürüb və Heydər Əliyev Beynəlxalq Aeroportunda həmin şəxslərə məxsus baqajlar ciddi yoxlamadan keçirilib. Rentgen aparatında aparılan ətraflı yoxlama zamanı gömrük əməkdaşının xüsusi “peşəkarlıq” nümayiş etdirərək nadir üsulla gizlədilən narkotik vasitələrin təsvirlərini müəyyən edib. Bu səbəbdən həmin baqajlara kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış keçirilib və xidməti it də baqajlara reaksiya verib.
N.Seyfullaha məxsus çamadana ətraflı gömrük yoxlaması keçirilən zaman narkotik vasitənin çamadanın astarının altında, yan divarları formasında xüsusi qaydada düzəldilmiş və yan divarlarına vintlərlə bərkidilmiş yastı təbəqədə olduğunu müəyyənləşdirilib. Həmin yastı təbəqəyə hopdurulan və ondan çətinliklə ayırd edilən psixotrop maddənin - metamfetaminin təmiz çəkisi 846,141 qram təşkil edib. Y.Xodabaxşa məxsus çamadandan da eyni qaydada gizlədilən və təmiz çəkisi 848,80 qram olan metamfetamin aşkarlanıb.
Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.