Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər nəşr olunmuşdur
AzerTAg.az
Bakı, 18 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə vəsaitlər çapdan çıxmışdır.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, “Təsviri sənət”, “Musiqi sənəti”, “Memarlıq və dizayn”, “Teatr, kino və xoreoqrafiya sənətləri”, “Bədən tərbiyəsi və idman” istiqamətlərinə uyğun olan bu kitabçalar qurumun əməkdaşları və komissiyanın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarların iştirakçıları ilə birlikdə hazırlanmışdır.
Vəsaitlərdə ali təhsil müəssisələrinin, tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarını seçənlərin marağına uyğun olan, sorğularına aydınlıq gətirən, imtahana hazırlaşmalarına fayda verə biləcək ən zəruri materiallar əksini tapmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var