REGİONLAR
Xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı Hüseynovlar ailəsinə kömək göstərilib
Şərur, 21 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şərur şəhərində yaşayan, xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı Hüseynovlar ailəsinə baş çəkilib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ailə ilə görüş zamanı dövlətimiz tərəfindən həyata keçirilən sosial siyasətin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilir, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Onların sosial rifahını yüksəltmək üçün məşğulluq problemləri həll olunur, xüsusi qayğıya ehtiyacı olan ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara maddi və mənəvi cəhətdən dəstək göstərilir.
Sonra xüsusi qayğıya ehtiyacı olan çoxuşaqlı ailənin problemləri ilə maraqlanılıb, ailənin ehtiyaclarına uyğun kömək göstərilib.
Ailənin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyə, göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.