REGİONLAR


Xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyasına həsr edilən seminar başa çatıb

Gəncə, 30 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan gənclər üçün “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün yazılması”, “Müsahibə qabiliyyəti”, “Təqdimatların hazırlanması” və “Onlayn təhsil” mövzularında beşgünlük seminar işini başa çatdırıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seminar Şərq Tərəfdaşlığı Proqramının Azərbaycan və Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə gerçəkləşib.

Tədbir, həmçinin Gəncə Avro-Atlantik Məlumat Mərkəzi, Əlil insanlar üçün Mərkəz (Gürcüstan) və Azərbaycana Birgə Yardım (UAFA) ictimai təşkilatları tərəfindən birlikdə icra olunan “Azərbaycanın Gəncə-Qazax və Gürcüstanın Kvemo Kartli regionlarında sağlamlıq imkanları məhdud olan uşaqlar üçün yeni sosial xidmətlərin göstərilməsi ilə bağlı sərhəd bölgələri arasında əməkdaşlığın gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin idarə heyətinin sədri Mehman Xəlilov tədbiri açaraq bildirib ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan biridir. Bu kateqoriyadan olan şəxslərin sosial təminatına, onların tibbi-sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi önəm verilir. Xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə keçirilən bu tədbir onların əmək bazarına hazırlanması və özünəinam hissinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sonra layihənin əlaqələndiricisi Əhməd Quliyev çıxış edərək, tədbir iştirakçılarının seminarlarda əldə edəcəkləri bilgilərin gələcək planlarının həyata keçirilməsində onlar üçün vacibliyini vurğulayıb və tədbirdə gənclərin fəal olmalarını tövsiyə edib.

Tədbirin məruzəçi eksperti Gülnura Səfərova xüsusi təqdimatla çıxış edərək, “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV-nin düzgün yazılması”, “Müsahibə qabiliyyəti”, ”Təqdimatların hazırlanması” və “Onlayn təhsil” mövzularında məlumat verib.

Daha sonra gənclərin əldə etdikləri biliklərin möhkəmləndirilməsi üçün qruplarla iş aparılıb.

Xüsusi qayğıya ehtiyacı olan 16 gəncin, həmçinin onların valideynlərinin iştirak etdikləri tədbirin sonunda bu kateqoriyadan olan gənclərin cəmiyyətə inteqrasiyası, onlayn təhsil və əmək bazarına hazırlığı məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.