REGİONLAR


Xüsusi qayğıya ehtiyacı olan gənclərin əmək bazarına hazırlıq imkanları müzakirə edilib

Gəncə, 31 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan gənclər üçün “Uğurlu karyeranın qurulması” mövzusunda keçirilən ikigünlük seminar başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra olunan “Azərbaycanın qərb bölgəsində sağlamlıq imkanları məhdud olan uşaqların və gənclərin informasiya, təhsil və məşğulluq imkanlarının yaradılması ilə cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilib.

Tədbiri açan Gəncə Avro-Atlantik Məlumat Mərkəzinin İdarə heyətinin sədri Mehman Xəlilov bildirib ki, əlilliyi olan şəxslər ölkəmizdə ən həssas qruplardan birini təşkil edir. Məhz bu səbəbdən əlilliyi olan şəxslərin sosial təminatı, onların tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası dövlətimizin sosial siyasətinin əsas prioritet sahələrindən biridir. Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan gənclərin iştirakı ilə “Uğurlu karyeranın qurulması” mövzusunda keçirilən tədbir onların əmək bazarına hazırlanması və özünəinam hissinin gücləndirilməsi kontekstində olduqca əhəmiyyətlidir.

Məruzəçi ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Əhməd Quliyev xüsusi təqdimatla çıxış edərək tədbir iştirakçılarına “Karyera hədəfinin seçilməsi”, “İş axtarma bacarıqları”, “CV”nin düzgün tərtibatı”, “Müsahibə qabiliyyəti” mövzularında məlumatlar verib.

Qeyd edilib ki, Gəncə və ətraf rayonlarda yaşayan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının gücləndirilməsi məqsədi daşıyan bu tədbir “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət proqramlarına uyğundur.

On iki nəfərdən çox xüsusi qayğıya ehtiyacı olan gəncin, həmçinin onların valideynlərinin və layihənin könüllülərinin iştirakı ilə həyata keçirilən tədbirin sonunda xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və əmək bazarına hazırlığı məsələləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.