ELM VƏ TƏHSİL
Xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərləri nümayiş etdirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilən “Dünyamıza xoş gəldiniz!” mövzusunda tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakıda fəaliyyət göstərən Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Bakı Autizm-İdman və Yaşam Klubu, Elit Autizm Türkiyə-Azərbaycan Mərkəzi və Psixoqamma Praktik Psixoloji Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan 30-dan çox uşağın rəsm əsərləri nümayiş etdirilib.
Universitetin rektoru, professor Cəfər Cəfərov ADPU ilə uşaq mərkəzlərinin birgə təşkil etdiyi tədbirləri yüksək dəyərləndirib. Uşaqların çəkdiyi rəsmlərlə tanış olan rektor bu əsərlərdən məmnun qaldığını bildirib, müəlliflərə uğurlar arzulayıb.
Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı Şəhla Əliyeva Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları əksini tapıb.
Mərkəz rəhbərləri və valideynlər tədbirin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.
Tədbirdə mövzuya dair videoçarxlar nümayiş olunub.