REGİONLAR
Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüquqlarının həyata keçirilməsi diqqət mərkəzindədir
Naxçıvan, 6 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aidiyyəti qurumlarla birgə muxtar respublikanın şəhər, rayon və kəndlərində 6 yaşadək sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinqlər keçirib.
Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, monitorinqlər “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər çərçivəsində aparılıb.
Bu ilin avqust-sentyabr aylarında keçirilmiş birgə monitorinqlər nəticəsində Naxçıvan şəhərində 7, Şərur rayonunda 8, Ordubadda 2, Babəkdə 8, Culfada 4, Şahbuzda 1, Kəngərlidə 2, Sədərəkdə 4 altı yaşadək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb edilib.
Monitorinq qrupu tərəfindən muxtar respublika üzrə, ümumilikdə, sağlamlıq imkanları məhdud 78 uşağın ailəsinə baş çəkilib, uşaqların fiziki, zehni sağlamlıqları araşdırılıb. 19 nəfər ümumtəhsil məktəblərinin I siniflərinə, 15 nəfər məktəbəqədər hazırlıq qrupuna, 6 nəfər uşaq bağçasına, 1 nəfər isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə olmaqla, cəmi 41 uşaq təhsilə cəlb edilib.
Görülən bu işlərlə yanaşı, komitə aidiyyəti dövlət qurumları ilə birgə Dövlət Proqramının icrasının təmin edilməsi istiqamətində muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi ilə bağlı monitorinqlərini ötən tədris ilində Naxçıvan şəhəri, Şərur və Babək rayonlarında, cari tədris ilində isə Ordubad rayonunda fəaliyyət göstərən 9 məktəb, məktəbəqədər və məktəbdənkənar uşaq müəssisəsində keçirib. Monitorinq zamanı 40 məktəb, 4 bağça, 1 musiqi məktəbində təhsil alan 45 sağlamlıq imkanları məhdud uşağın təhsili, tədris prosesi, onlar haqqındakı müvafiq məlumatlar yoxlanılıb, həmçinin həmin təhsil müəssisələrində təhsil alan müvafiq kateqoriyaya aid uşaqların adlı siyahısı dəqiqləşdirilib. Növbəti monitorinqlərin Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarında keçirilməsi nəzərdə tutulub.