ELM VƏ TƏHSİL
Xüsusi təhsil müəssisələrinə vakansiya seçimi davam edir
Bakı, 8 sentyabr, AZƏRTAC
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan təhsil müəssisələri üzrə mövcud vakansiyalar nazirliyin saytındakı cədvəldə təqdim olunub.
Vakansiya seçimində iştirak etmək üçün namizədlər sentyabrın 9-u saat 18:00-dək Təhsil Nazirliyinin saytındakı linkə daxil olaraq müraciət edə bilərlər.
Vakansiya seçimində cari ildə keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Namizədlərə 1 vakant yer seçmək hüququ verilir. Vakansiyalara yerləşdirmə namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla həyata keçiriləcək. Uyğun hesab edilən namizədlər üçün müsahibə təşkil olunacaq və müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.
Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.