CƏMİYYƏT
YANĞINSÖNDÜRƏNLƏRİN PEŞƏ BAYRAMI QEYD EDİLMİŞDİR
Oktyabrın 12-də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yanğınsöndürənlərin peşə bayramına həsr olunmuş təntənəli yığıncaq keçirilmişdir.
Əvvəlcə ölkəmizin dövlət himni səsləndi.
DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi general-mayor Murad Hüseynov yığıncağı açaraq məruzə ilə çıxış etdi. O, yanğınsöndürənlərin peşə bayramı gününü təsis etdiyinə görə Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdi. Azərbaycanda müstəqil yanğın təhlükəsizliyi xidməti 1918-ci il oktyabrın 10-da yaradılmışdır. Lakin həmin gün peşə bayramı kimi dövlətimizin başçısının 2002-ci il 5 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuşdur. Azərbaycanda yanğın təhlükəsizliyi xidmətinin özünəməxsus zəngin tarixindən danışan məruzəçi demişdir ki, bu sahədə çalışan cəsur insanlar keçmiş ənənələrə bu gün də sadiqdirlər.
Daxili işlər naziri general-polkovnik Ramil Usubov yanğınsöndürənləri əlamətdar gün münasibətilə təbrik edərək bildirdi ki, nazirliyin bütün əməkdaşları kimi, yanğınsöndürənlər də vətəndaşlarımızın təhlükəsizliyinin keşiyində dururlar. Dövlətimizin başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində respulikamızda bərqərar olmuş ictimai-siyasi sabitlik yanğın təhlükəsizliyi xidmətinin fəaliyyəti üçün şərait yaratmışdır.
Sonra nazir respublika DİN Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin növbəti hərbi rütbə almış bir sıra əməkdaşlarına poqonlar təqdim etdi.
Yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.