YANVARIN 1-DƏN TÜRKİYƏDƏ “MİLYONÇULAR” OLMAYACAQ
AzerTAg.az
Türkiyənin təxminən 70 milyon vətəndaşını sürpriz gözləyir – yanvarın 1-dən ölkədə “milyonçular” və milyarderlər” olmayacaqdır. Çünki uzun illərdən bəri xeyli dəyərdən düşən türk lirəsi Yeni ilin əvvəlindən denominasiya ediləcəkdir.
AZƏRTAC-ın Ankaradan aldığı xəbərə görə, Maliyyə Nazirliyinin hazırladığı pul islahatının mahiyyəti banknotlardakı altı sıfırı götürməkdən ibarətdir ki, bu da, mütəxəssislərin fikrincə, cilovlanmaq bilməyən inflyasiyanın yüksək sürətini ləngitməlidir. Birlirəlik banknot köhnə milyon lirəyə bərabər və 100 yeni quruşdan ibarət olacaqdır. Nəticədə, pulun hesablanması da asanlaşacaqdır. Belə ki, hazırda təqribən 1,5 milyon lirə cəmi bir ABŞ dollarına bərabərdir.
Əskinasları yenə də Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün portretləri bəzəyəcəkdir. Təzə əskinaslara tez öyrəşmək üçün onlar köhnə pullara oxşayacaqdır.
Baş nazir Rəcəb Tayyib Ərdoğan yeni pulların təqdimatı mərasimində çıxış edərək demişdir ki, indiki islahatın maliyyə-iqtisadi sistem üçün böyük əhəmiyyəti var. “İqtisadiyyatımızda təmiz səhifə açılır. Güclü Türkiyə daha möhkəm iqtisadiyyat yaratmaq arzusunu, nəhayət, gerçəkləşdirməyə başlayır”.
Xəbərin mətnində orfoqrafik səhv var