DÜNYA
YAPONİYADA VİZİT KARTLARINI SAXLAMAQ ÜÇÜN ELEKTRON QURĞU YARADILMIŞDIR
Bakı, 8 iyul (AZƏRTAC). Yaponiyada vizit kartlarındakı informasiyanı saxlamaq üçün xüsusi elektron qurğu kütləvi istehsala hazırlanır. Yeni qacet karton kartları saxlamaq üçün nəzərdə tutulmuş adi vizitka qablarını əvəzləyəcəkdir.
İxtiraçıların fikrincə, insanların tanışlıq zamanı mübadilə etdikləri vizit kartları əlverişli deyildir. Çünki onları haradasa saxlamaq lazım gəlir. Mobil telefonlarda isə həmin funksiyaya bir o qədər də ehtiyac yoxdur, çünki nömrələri birbaşa telefonun kitabçasına yazmağa adət etmişik.
Bütün bunları nəzərə alan Yaponiyanın King Jim şirkəti xüsusi portativ King Jim Pitrec DNH10 qurğusu hazırlamışdır. İstehsalçılar qiyməti 300 dollar civarında olan bu qurğudan hər il 300 min ədəd satmaq niyyətindədirlər.
Mobil telefon ölçüsündə (120x60x13 mm), çəkisi 85 qram olan qurğuda bütün vizit kartları rəqəmsal şəkildə saxlanılır. Cihaz aşağıdakı qaydada işləyir. Kağız kartı xüsusi slota yerləşdirirsən. Açılıb-bağlanan kiçik kamera kartın şəklini çəkir və qurğunun yaddaşına salır. Nömrələnmiş vizit kartı 3,5 düym diaqonallı LSD-ekranda görünür. Qacetlə birlikdə dəstə yaddaşı 2 giqabayt olan microSD daxildir. Bu, 1,8-2 min əlaqəni saxlamağa imkan verir. Yaddaşı 16 giqabayt olan microSDHC-in tutumu isə 10 min vizit kartıdır.