DÜNYA
YAPONİYALI XALÇA USTASININ FƏRDİ SƏRGİSİ
Azərbaycan Miniatür Sənəti Mərkəzində gənc, istedadlı yaponiyalı xalça ustası Komoko İmuranın fərdi sərgisi açılmışdır.
Azərbaycan Rəssamlar İttifaqı tərəfindən təşkil olunmuş sərgiyə əsasən Yapon folklorunu əks etdirən 40-a qədər əl işi təqdim edilmişdir.
Rəssamlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Ağaəli İbrahimov mərasimi giriş sözü ilə açaraq, K.İmuranın yaradıcılığından danışdı.
Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev, MEA-nın Memarlıq və İncəsənət İnstitutunun baş elmi işçisi, sənətşünas Kübra Əliyeva və başqaları Azərbaycan və Yaponiya arasında mədəni əlaqələrdən, K.İmuranın sənətinin məziyyətlərindən söhbət açdılar, ona yeni yaradıcılıq nailiyyətləri arzuladılar.
Sərgidə nümayiş etdirilən “Tələdən xilas olunmaq”, “Baba qəribə şorba yeyir”, “Qəmgin kraliça güldü”, “Kral ordusu onu tapdı”, “Sehirli çəkic” və digər əl işləri tamaşaçılarda böyük maraq doğurmuşdur.