İQTİSADİYYAT
YAPONİYANIN MİLLİ NEFT KONSORSİUMUNUN NÜMAYƏNDƏLƏRİ ARDNŞ-LƏ DANIŞIQLAR APARMAĞA GƏLİRLƏR
Danışıqlarda blokda qazılmış ilk kəşfiyyat quyusu müzakirələrin əsas mövzusu olacaqdır. “İtoçuoyl” nümayəndəliyinin rəhbəri Kotaro Morişita demişdir: “Biz müqavilədə nəzərdə tutulmuş öhdəliklərimizin yerinə yetirilib-yetirilmədiyini ARDNŞ-lə müəyyən etməliyik. Layihənin gələcək taleyini yalnız bundan sonra həll etmək olar”.
YMNK dəniz blokunda iki quyu qazmışdır. Onlardan birincisi “Yanan tava” strukturunda yerləşir, lakin geoloji çətinliklərə görə qazma işləri axıra çatdırılmamışdır. İkinci quyu “Qurtuluş” üzən qazma qurğusundan qazılmış və bu işlər cari ilin hələ fevralında başa çatdırılmışdır. Əldə edilmiş məlumat araşdırıldıqdan sonra konsorsium həmin yataqda karbohidrogenlərin kommersiya ehtiyatlarının olmadığını açıqlamış və Azərbaycanda fəaliyyətini dayandırmışdır.
Birinci kəşfiyyat quyusunun qazılması axıra çatdırılmadığına görə, ARDNŞ hesab edir ki, konsorsium öz öhdəliklərini yerinə yetirməmişdir və bu səbəbdən də daha bir quyu qazmalıdır.