İQTİSADİYYAT
YAPONİYANIN ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ “AZƏRENERPJİ”NİN RƏHBƏRLİYİ İLƏ GÖRÜŞMÜŞLƏR
Yaponiyanın “Tokio Elektrik Power Services Company” (TEPSCO) özəl şirkətinin Bakıya gəlmiş nümayəndə heyəti “Azəreneşrji” səhmdar cəmiyyətinin prezidenti Etibar Pirverdiyevlə görüşmüşdür.
Cəmiyyətin mətbuat xidmətindən bildirmişlər ki, Yaponiya mütəxəssisləri Əli Bayramlı DRES-də 8-ci blokun tikintisinin texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) hazırlanması çərçivəsində görülmüş iş haqqında qısa hesabat təqdim etmişlər.
“Azərenerji” Səhmdar Cəmiyyəti ilə TEPSCO arasında müvafiq saziş – “Tədqiqatlar haqqında protokol” 2001-ci il noyabrın 23-də imzalanmışdır. Həmin sənədə uyğun olaraq, şirkət Yaponiya hökumətinin ayırdığı qrant hesabına stansiyada ümumi gücü 393 Meqavat olan yeni buxar-qaz bloku tikintisinin texniki-iqtisadi əsaslandırılmasını hazırlamalıdır.
TEPSCO şirkətinin mütəxəssisləri əmin edirlər ki, TİƏ-nin hazırlanması mart ayında başa çatdırılacaqdır. Bu haqda son hesabat “Azərenerji”dən əlavə, Yaponiya və Azərbaycan hökumətlərinə də təqdim edilməlidir.
Görüş zamanı Yaponiya mütəxəssisləri Azərbaycan tərəfinin ilkin işlərin tezliklə başa çatdırılmasına marağını müsbət qiymətləndirmiş və lazımi texniki kömək göstərmiş mütəxəssislərimizə təşəkkürlərini bildirmişlər. Onların fikrincə, bu kömək layihəqabağı işlərin hazırlanmasında ümdə rol oynayır.
TEPSCO şirkətinin nümayəndə heyəti fevralın 20-dək respublikamızda olacaqdır. Qonaqların Əli Bayramlıya gedərək DRES-də əlavə tədqiqat aparmaları da nəzərdə tutulmuşdur.