MƏDƏNİYYƏT
YAPONİYA AZƏRBAYCAN UŞAQLARININ GÖZÜ İLƏ
Rəssamlar İttifaqı ilə Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə keçirdiyi sərgi-müsabiqənin açılış mərasimindən əvvəl tədbir iştirakçıları gündoğan ölkənin milli geyimlərinə tamaşa etmişlər.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mərasimi açaraq bildirmişdir ki, Yaponiyaya həsr olunmuş rəsmlərin sərgi-müsabiqəsi ölkəmizdə bir neçə dəfədir keçirilir. Bu sərginin vaxtı üç ay əvvəl elan olunduğundan uşaqlar müsabiqəyə çox ciddi hazırlaşmışlar. Ona görə də müsabiqəyə təqdim olunmuş 200 rəsm və heykəltaraşlıq əsəri arasından qalibləri seçmək münsiflər heyəti üçün bir o qədər asan olmayacaqdır.
Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara tədbirin belə yüksək səviyyədə keçirilməsinə kömək edənlərin hamısına təşəkkürünü bildirmişdir. O, ölkələrimiz arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsində belə tədbirlərin əhəmiyyətini vurğulamışdır.
Səfir onu da bildirmişdir ki, Azərbaycanda martın 25-dən aprelin 25-dək Yaponiya günlərinin keçirilməsi çərçivəsində bu ilk tədbirdir. Aprelin 12-də İçərişəhərdə daha belə bir sərgi keçiriləcəkdir.
Müsabiqənin qaliblərinə diplomlar və qiymətli hədiyyələr veriləcəkdir.