ELM VƏ TƏHSİL
YAPONİYA HÖKUMƏTİNİN VƏSAİTİ İLƏ BAKIDA TİKİLMİŞ DAHA BİR MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
İÇİRO AİSAVA: “YAPONİYA AZƏRBAYCANIN QAFQAZ REGİONUNDA GETDİKCƏ ARTAN ROLUNU DƏRK EDİR”
AZƏRTAC xəbər verir ki, yanvarın 16-da Bakı şəhəri Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində ayırdığı vəsait hesabına “Gələcək naminə” humanitar təşkilatı tərəfindən tikilmiş 6 nömrəli Laçın orta məktəbinin açılış mərasimi olmuşdur.
Açılış mərasimində Azərbaycanda səfərdə olan Yaponiya xarici işlər nazirinin birinci müavini İçiro Aisava, Yaponiyanın ölkəmizdəki səfiri Tadahiro Abe iştirak etmişlər.
“Gələcək naminə” humanitar təşkilatının sədri Azər Əhmədov demişdir ki, indiyədək bu ərazidə məktəb olmamışdır və 500 nəfərə yaxın şagird vaqonlarda dərs keçmişdir. Yeni məktəb 56 min 263 ABŞ dollarına başa gəlmişdir. 12 otağın hamısı mebel və digər avadanlıqla, qızdırıcılarla təmin edilmişdir.
Təhsil naziri Misir Mərdanov, Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov və başqaları Azərbaycanda təhsilin inkişafına göstərdiyi qayğıya görə Yaponiya hökumətinə və xalqına təşəkkür etmişlər.
Yaponiya xarici işlər nazirinin birinci müavini İçiro Aisava demişdir ki, Yaponiya Azərbaycanın Qafqaz regionunda getdikcə artan rolunu dərk edir və ölkənizlə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə çalışır. Bu sahədə Yaponiya indiyədək Azərbaycan xalqına, xüsusilə Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş və acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə xeyli humanitar yardım göstərmişdir. 1993-cü ildən başlayaraq məcburi köçkünlərə beynəlxalq təşkilatlar vasitəsilə ümumi dəyəri 11 milyon 470 min ABŞ dolları məbləğində yardımlar göstərmişik. Yaponiya hökuməti Azərbaycandakı səfirliyi vasitəsilə on ildən çoxdur ki, “Ot kökləri və insan təhlükəsizliyi” qrant proqramı çərçivəsində məcburi köçkünlərdən ötrü ümumi dəyəri 480 min ABŞ dolları olan 8 yardım layihəsi həyata keçirmişdir. Yaponiya belə yardımları gələcəkdə də davam etdirmək əzmindədir. Ümidvarıq ki, gördüyümüz işlər xalqlarımız arasında körpü rolunu oynayacaqdır.
Qonaq məktəbin kollektivinə ibtidai sinif şagirdləri üçün hədiyyə təqdim etmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar məktəbi gəzmiş, sinif otaqları ilə tanış olmuşlar.
Laçın şəhər 3 nömrəli musiqi məktəbinin kollektivi mərasim iştirakçıları üçün maraqlı konsert proqramı ilə çıxış etmişdir.