DÜNYA
YAPONİYA HÖKUMƏTİ QOŞUNLARINI İRAQDAN ÇIXARMAQ FİKRİNDƏ DEYİL
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Yaponiyanın Baş naziri Dzünitiro Koidzumi bəyan etmişdir ki, İraqda vəziyyətin kəskinləşməsinə baxmaylaraq, o, Yaponiya özünümüdafiə qüvvələri kontinqentini bu ölkədən çıxarmaq niyyətində deyildir. D.Koidzumi jurnalistlərə bildirmişdir ki, “İraqın bərpasına yardım göstərilməsi öhdəliyinin yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir”.
Baş nazir üç Yaponiya vətəndaşını girov götürmüş yaraqlıları “terrorçu” adlandırdığı üçün onların bu adamları azadlığa buraxmaq istəmədiyi haqqında xəbərlərlə əlaqədar öz ünvanına söylənilən tənqidi rədd edərək demişdir: “İnsanların oğurlanması bağışlanılmaz cinayətdir”. O, dörd İtaliya vətəndaşının girov götürülməsi faktını da belə səciyyələndirmişdir.
Xatırladaq ki, üç yaponu “Saraya əl-mücahidin” (“Mücahidlər briqadası”) adlandırılan silahlı qruplaşma girov götürmüşdür. O, Yaponiya qoşunlarının üç gün ərzində İraqdan çıxarılmayacağı təqdirdə girovları diri-diri yandırmaqla hədələmişdir. Ultimatumun müddəti çoxdan bitmiş, yapon girovlarının taleyindən isə bir xəbər yoxdur.