DÜNYA
YAPONİYA PARLAMENTİ İNTİHARLA MÜBARİZƏYƏ DAİR QANUN LAYİHƏSİNİ BƏYƏNMİŞDİR
Qanun layihəsinə görə, intihar sosial problemdir, ona görə də hökumət və yerli orqanlar onun həlli istiqamətində kompleks tədbirlər görməlidirlər. Söhbət intihar hallarının aradan qaldırılması sahəsində tədqiqat və təhlil xarakterli iş aparmaqdan, bu məsələ ilə bağlı maarifləndirmə tədbirləri görməkdən, səhiyyə sistemində dəyşikliklər etməkdən, habelə həyatdan getməyə cəhd göstərmiş vətəndaşlara, özünə qəsdi baş tutmuş adamların qohumlarına yardım göstərməkdən gedir. Yeni qanunda mərkəzi hakimiyyət orqanlarına bir vəzifə olaraq tapşırılır ki, hər il antiintihar tədbirləri proqramı hazırlayayıb, onu parlamentə təqdim etsin. Bundan əlavə, ölkə rəhbərliyində Baş nazirdən sonra ikinci şəxs olan Nazirlər Kabinetinin baş katibi başda olmaqla xüsusi komissiya yaradılmalıdır.
Yaponiyada intihar statistikasını 1978-ci ildən aparmağa başlamışlar. O vaxt belə halların sayı ildə 20 min idi, lakin 1998-ci ildə 30 minlik həddi aşmışdır. Hökumət yeni tədbirlər sayəsində həmin səviyyəni 10 il ərzində azı 25 minədək azaltmaq niyyətindədir.