CƏMİYYƏT
YAPON ALİMLƏRİNİN DAHA BİR HEYRƏTAMİZ İXTİRASI
AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, Yaponiya alimləri dünyada ilk dəfə olaraq keyfiyyətcə təbii toxuma ilə eyni olan insan sümüyünün süni əvəzedicisini ixtira etmişlər. Bunu bildirən Naqoya şəhərindəki Zərif Keramika Mərkəzinin mütəxəssislərinin sözlərinə görə, yeni material əvvəllər uyğunlaşdırılması qeyri-mümkün olan möhkəmlik və elastiklik xassələrini özündə birləşdirir. Bir sıra sınaqlardan sonra süni sümük 2007-ci ildə əməli surətdə tətbiq edilməyə hazır olacaqdır.Bu materiallardan hazırlanmış protezlər sümük toxuması zədələnmiş insanlara köçürüləcək, məsələn, onurğa disklərində sınıqların müalicəsi və yaxud kəllənin ayrı-ayrı sahələrinin dəyişdirilməsi zamanı tətbiq ediləcəkdir. Naqoya alimlərinin ixtira etdikləri sümük əvəzedicisi plastik kütlədən və titan dioksidindən hazırlanmışdır. Əvvəllər sümük protezləri ya yüngül metallardan, ya da plastik kütlədən düzəldilirdi. Lakin plastik kütlədən hazırlanmış sümüklərdə möhkəmlik, titan və alüminium protezlərində isə elastiklik kifayət qədər deyildir.