REGİONLAR
YAP Babək rayon təşkilatının şura iclasında qarşıya qoyulan vəzifələr müzakirə olunub
Babək, 28 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında və dövlətçilik ənənələrinin qorunmasında həlledici qüvvəyə malik, alternativi olmayan siyasi partiyadır. Bu partiya 1992-ci ildə ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşən xalqın aparıcı və mütərəqqi qüvvələrinin istəyi ilə yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının şura iclasında səsləndirilib.
İclasda cari ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzə edib.
Bildirilib ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi xətt ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişafın yeni mərhələsinə qovuşdurub. Bu siyasi yola sadiqliyin nəticəsidir ki, muxtar respublikada regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq abadlıq-quruculuq, yaşıllaşdırma işləri sürətlə aparılır, iqtisadiyyatımız yüksələn templə inkişaf etdirilir.
Ulu Öndərin yadigarı olan Babək rayonu da günbəgün inkişaf edir, çiçəklənir, həyata keçirilən uğurlu infrastruktur layihələri hesabına bu yurd yerində əhalinin rahatlığı təmin olunur, məskunlaşma artır. Hazırda rayonun Payız kəndində kənd və xidmət mərkəzləri, məktəb binası, su dəyirmanı tikilir, körpü təmir olunur. Ucqar dağ və sərhəd kəndi olan Gərməçataqda kənd və xidmət mərkəzləri inşa olunur, məktəb binası yenidən qurulur. Rayonun Nehrəm kəndində isə XVIII əsrə aid olan tarixi “İmamzadə” türbəsi bərpa olunur, ətrafı abadlaşdırılır. Kəndin mərkəzində bayraq meydanı və sakinlərin asudə vaxtının səmərəli təşkili üçün istirahət parkı salınır. Bütün bu tədbirlər partiyamızın siyasi xəttinin bariz nümunəsidir.
Bildirilib ki, partiyanın rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyası V Qurultayının və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi istiqamətində, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələblərinə uyğun qurub. Hesabat dövründə təsdiq olunmuş iş planına əsasən fəaliyyət davam etdirilib, ilk partiya təşkilatları ilə mütəmadi əlaqə saxlanılıb, onlara metodik köməklik göstərilib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının əhatə etdiyi 55 ilk partiya təşkilatının 6835 nəfər üzvündən 3095-i gənc, 2822-si isə qadındır. Ötən 6 ay ərzində partiya sıralarına 66 nəfər qəbul edilib. Onlardan 46-sı gənc, 27-si isə qadındır. Bütövlükdə, hesabat dövründə Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatında 2 şura, 6 idarə heyətinin yığıncağı keçirilib.
Sonra çıxışlar dinlənilib.
Tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək görülmüş işləri müzakirə edib, qarşıya qoyulan vəzifələrdən danışıblar.