REGİONLAR
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Ərəstun Xıdırovun ailəsinə baş çəkiblər
Bərdə, 24 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Xıdırov Ərəstun Arif oğlunun ailəsini “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Ərəstun Xıdırovun keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Ərəstun Xıdırov sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Suqovuşanın azad edilməsində iştirak edib və elə orada şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Xıdırov Ərəstun Arif oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşüb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Şəhidin atası Arif Xıdırov, nənəsi Roza Xıdıova Ərəstunun hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.