REGİONLAR
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Elcan Rəhimlinin ailəsini ziyarət ediblər
Bərdə, 12 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının Gənclər Birliyi və rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəalları Vətən müharibəsində şəhid olmuş Rəhimli Elcan Ədalət oğlunun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin ailəsi ilə keçirilən görüşdə Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən söhbət açılıb. Bildirilib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşdü. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olundu. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Diqqətə çatdırılıb ki, Bərdə rayon Alpout kənd sakini Elcan Rəhimli sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin atası Ədalət Rəhimov Elcanın hərbidəki xidmətlərindən və ömür yolundan danışıb, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməkliklər göstəriblər.