REGİONLAR


YAP Bərdə rayon təşkilatının üzvləri şəhid Fəxri Qəribzadənin ailəsi ilə görüşüblər

Bərdə, 5 may, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Qəribzadə Fəxri Elmir oğlunun ailəsinə baş çəkiblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şücaətindən, şəhid Fəxri Qəribzadənin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Fəxri Qəribzadə Suqovuşanın azad edilməsində iştirak edib. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə əsgər Qəribzadə Fəxri Elmir oğlu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

YAP rayon təşkilatın sədri Fəqət Şadlinskaya bildirib ki, 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşüb. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər ordumuzun peşəkarlığı sayəsində azad olunub. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhidin anası Mehparə Qəribova Fəxrinin hərbidəki xidmətlərindən və ömür yolundan danışıb. Bildirib ki, nişanlı olan oğlunun toyuna hazırlaşırdı. Ancaq işğalçı Ermənistanın başlatdığı müharibə onun arzularını yarımçıq qoyub. Bu gün xalqımıza böyük Qələbənin sevincini yaşadan dövlətimiz kimi ailəsində də Fəxrinin xatirəsi əziz tutulur. Bacısı Türkanənin üç aydır ki, dünyaya gəlmiş körpəsi şəhid qardaşı Fəxrinin adını daşıyır.

Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər. Şəhidin anası göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.