REGİONLAR
YAP Bərdə rayon təşkilatının üzvləri şəhid ailəsini ziyarət ediblər
Bərdə, 13 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrini ziyarət edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalı bu dəfə Kələntərli kəndindən olan şəhid Qurbanov Rəcəb Elşən oğlunun ailəsinə baş çəkib, qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Rəcəb Qurbanov 2019-cu ilin yanvar ayında hərbi xidmətə yollanıb. Əsgər olduğu müddətdə hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə mükafatlandırılıb. O, həmçinin Tovuz döyüşlərində də iştirak edib. Hərbi xidmətini bitirdikdən sonra olduğu hərbi hissədə çavuş rütbəsi ilə hərbi xidməti davam etdirməyə başlayıb. Sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin çavuşu Rəcəb Qurbanov da ilk andan döyüş meydanında düşmənə gücümüzü göstərən oğullardan olub. Murovdağ, Füzuli, Kəlbəcər və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Cəbrayılın işğaldan azad edilməsi üçün gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Qurbanov Rəcəb Elşən oğlu ölümündən sonra "Vətən uğrunda", “Şücaətə görə”, "Hərbi xidmətdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.