REGİONLAR


YAP Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Cəbrayıl rayon təşkilatının IX konfransı keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP rayon təşkilatının sədri Arif Fərzəliyev geniş hesabat məruzəsi ilə çıxış edib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov konfransda çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir. Eyni zamanda, bütün regionlarımızda genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü və etibarlı tərəfdaş kimi tanınır.

Konfransda Milli Məclisin deputatı Astan Şahverdiyev çıxış edərək partiyanın fəaliyyətindən, ölkəmizin sürətli inkişafından söz açıb. O deyib ki, YAP ölkəmizin siyasi-sosial həyatında həmişə ön sırada olan söz sahibi, yeni cəmiyyət quruculuğunun hərəkətverici qüvvəsi, xalqımızın milli məfkurəsinin ideoloji bazası olub.

Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş söhbət açaraq deyib: “Hər kəsə yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində Azərbaycan çətin bir vəziyyətdə idi. Ölkədə qarışıqlıq, anarxiya hökm sürürdü. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə daxili çəkişmələr Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhlükə qarşısında qoymuşdu. Belə bir ərəfədə Azərbaycanın gələcəyini düşünən 91 nəfər ziyalı ümummilli lider Heydər Əliyevə müraciət etdi. Məhz bu müraciətdən sonra Naxçıvanda 550 nəfər nümayəndənin iştirakı ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda ulu öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Eyni zamanda, partiyanın Siyasi Şurası və İdarə Heyəti formalaşdı. Beləliklə, YAP böyük bir güc mərkəzi kimi ölkənin ictimai-siyasi həyatına daxil oldu”.

Bildirilib ki, Azərbaycan xalqının tarixində çox mühüm rol oynayan bu hadisə ölkədə yeni ictimai-siyasi situasiyanın yaranmasının, dövlətçiliyimizin xilasının başlanğıcı oldu. Tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddət sonra Azərbaycanda hakimiyyət partiyasına çevrildi və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazandı.

Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Arif Fərzəliyev yekdilliklə rayon təşkilatının sədri seçilib. Konfransda, həmçinin YAP Cəbrayıl rayon təşkilatının 9 nəfərdən ibarət İdarə Heyəti, 27 nəfərdən ibarət Şura üzvləri və 5 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.

Sonda bir sıra YAP fəallarına Fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.