CƏMİYYƏT
YAP Gənclər Birliyi ölkə gənclərinin bir çətir altında birləşməsini hədəfləyir
Bakı, 18 sentyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Şəki şəhərində gənclərlə görüş keçirilib.
Partiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək Birlik tərəfindən müxtəlif layihələrin və tədbirlərin təşkil olunması ilə yanaşı bölgələrdə gənclərlə də qarşılıqlı diskussiya formatında görüşlər keçirildiyini bildirib: “Bu görüşlərin əsas məqsədi bölgələrimizdə olan gənclərimizin fikirlərini öyrənmək, onların təşəbbüslərinə dəstək olmaqdır. Çünki YAP Gənclər Birliyi ölkəmizdə gənclər sahəsində ən böyük təşkilat olaraq onların cəmiyyətdə fəal və təşəbbüskar rolunu dəstəkləyir. Xüsusilə, Yeni Azərbaycan Partiyasının rəhbərliyinin yeni tərkibdə formalaşdırılmış Gənclər Birliyindən əsas gözləntisi odur ki, Azərbaycan gənclərinin qarşılıqlı əməkdaşlıq çərçivəsində bir çətir altında birləşməsi təmin edilsin”.
B.İslamov qeyd edib ki, gənclərin potensialından ölkəmizin inkişafı naminə bəhrələnmək üçün təkcə intellektual imkanlar, bilik və bacarıqlar kifayət deyil. Eyni zamanda, həmin potensialın sərgilənə bilməsi üçün gənclərə münbit şəraitin yaradılması, onlara meydan verilməsi çox vacib məsələdir. Bu gün Azərbaycanda YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti məhz gənclərimizin bu yanaşma əsasında inkişafını özündə ehtiva edir.
Görüşdə gəncləri maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.