SİYASƏT
YAP-IN NƏSİMİ RAYON TƏŞKİLATININ YENİ BİNASI PARTİYA ÜZVLƏRİNİN DAHA FƏAL ÇALIŞMASINA ŞƏRAİT YARADACAQDIR
YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov mərasim iştirakçılarını 15 iyun - Milli Qurtuluş günü münasibətilə təbrik edərək bildirmişdir ki, bu gün təşkilatın üzvləri üçün ikiqat bayramdır. Çünki rayon təşkilatı yeni inzibati binaya köçür və bu, ona daha fəal işləmək üçün əlavə imkanlar yaradır.
15 iyun - Mülli Qurtuluş gününün xalqımızın həyatında oynadığı əhəmiyyətli roldan danışan natiq qeyd etmişdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb və ziddiyyətli proseslərin məngənəsində sıxılırdı. Xalqımız böyük uzaqgörənlik nümayiş etdirərək ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə qaytardı. Məhv olmaq həddinə çatmış dövlətçiliyimiz, vətəndaş müharibəsinə sürüklənən xalqımız ulu öndərin uzaqgörənliyi, qətiyyəti və iradəsi sayəsində ağır vəziyyətdən qurtuldu.
Tədbirdə ümummilli liderin düşünülmüş siyasi xəttinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə həyata keçirildiyi xüsusi vurğulandı.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirdi ki, Milli Qurtuluş Azərbaycan xalqının xaosdan, özbaşınalıqdan qurtarması, milli dövlətçiliyimizin xilası, nadanlığa və cahilliyə son qoyulması deməkdir. N.Məhəməliyev Milli Qurtuluşun bizə bu gün dinamik inkişaf edən, iqtisadi inkişaf sürəti ilə bütün dünyanı heyran qoyan Azərbaycanı verdiyini xüsisi vurğuladı.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları qərargahın foyesində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoydular. Ulu öndərin dövlətçilik fəaliyyətini əks etdirən fotoşəkillərdən hazırlanmış stendlə tanış oldular.
Yeni inzibati binanın böyük akt zalında ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda Naxçıvandan Bakıya gəlməsi, sonra Gəncəyə gedərək vətəndaş müharibəsinin qarşısını almaq məqsədi ilə atdığı addımları, dövlətçiliyimizin xilası üçün həyata keçirdiyi tədbirlərdən bəhs edən videofilm nümayiş olundu.
Əli Əhmədov partiyanın rayon fəalları ilə yeni binada keçirdiyi ilk müşavirədə qarşıda duran vəzifələr, oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar YAP tərəfindən planlaşdırılan tədbirlərdən danışdı. Bildirildi ki, partiyanın rayon fəalları dövlət başçısı və YAP-ın sədri İlham Əliyevin cəmiyyətdəki yüksək reytinqinə arxayın olmamalı, onun qarşıdakı seçkilərdə daha parlaq qələbə qazanması üçün bütün qüvvələrini səfərbər edərək fədakarlıqla çalışmalıdırlar.
######