SİYASƏT


YAP Mərkəzi Aparatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirilib

Bakı, 22 iyul, AZƏRTAC

İyulun 22-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 iyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan milli mətbuatının yaranmasının 146 ilinin tamam olduğunu deyən Tahir Budaqov bildirib ki, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.

Keçmiş sovetlər ittifaqı dövründə də Azərbaycan mətbuatının öz milliliyini qoruyub saxlamağa nail olduğunu vurğulayan YAP Sədrinin müavini qeyd edib: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başlayıb. Bu dövrdə ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb”.

Tahir Budaqov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Bildirilib ki, dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində əhəmiyyətli uğurlar əldə olunub, eləcə də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, müharibə zamanı jurnalistlər döyüş bölgələrindən operativ informasiyalar verib, ordumuzun uğurları haqqında xalqa müfəssəl məlumatlar çatdırıblar. Eləcə də Ermənistanın hərbi cinayətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılmasında KİV nümayəndələrinin böyük əməyi var. Tahir Budaqov, həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu da diqqətə çatdırıb. Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Prezident İlham Əliyevin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.

Postmüharibə dövründə də informasiya müharibəsinin davam etdiyini deyən Tahir Budaqov Azərbaycan mediasının bu dövrdə də öz missiyasını uğurla yerinə yetirdiyini qeyd edib.

Həmçinin bildirilib ki, 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş ənənə halını alıb və Yeni Azərbaycan Partiyası mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Yeni Azərbaycan Partiyası bundan sonra da əməkdaşlığın güclənməsinə maraqlıdır.

Sonra görüşdə iştirak edən jurnalistlərə mükafatlar təqdim edilib.

Daha sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, “Cəbhə TV”-nin baş redaktoru Rəfail Becanov, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı və “Səs” qəzetinin əməkdaşı Rövşən Rəsulov çıxış edərək Azərbaycan dövlətinin milli mətbuatımıza qayğısından bəhs edib, göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.