SİYASƏT


YAP Mərkəzi Aparatında Çinin ölkəmizdəki səfiri ilə görüş keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP Sədrinin müavini Əli Əhmədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə partiyanın Mərkəzi Aparatında görüşüblər.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasındakı münasibətlərin hazırkı vəziyyətinin məmnunluq doğurduğu vurğulanıb. Bildirilib ki, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq tərəflər üçün olduqca faydalı və əhəmiyyətlidir. Həmçinin ölkələrimizin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində təmaslarının və əlaqələrinin önəmindən bəhs olunub. Qeyd edilib ki, Azərbaycan və Çin koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizə istiqamətində qlobal əməkdaşlığın və həmrəyliyin təmin olunmasına mühüm töhfə verirlər.

Görüşdə Azərbaycan və Çinin beynəlxalq müstəvidə bir-birinin milli maraqlarının qorunması üçün strateji əhəmiyyət daşıyan məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirmələrinin strateji əhəmiyyətə malik olduğu vurğulanıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini çatdırdığı xatırlanaraq Azərbaycan-Çin münasibətlərinin inkişafında hər iki ölkə rəhbərliyinin siyasi iradəsinin müstəsna rolu xüsusi qeyd edilib. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əməkdaşlığın dərinləşdirilməsi iki ölkə münasibətlərinin daha da möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir. Çin Kommunist Partiyasının 100 illiyi münasibətilə iyul ayında dünya siyasi partiyalarının liderlərinin iştirakı ilə keçiriləcək videokonfransa Yeni Azərbaycan Partiyasının da dəvət olunduğu, YAP-ın sözügedən tədbirdə iştirakına böyük önəm verildiyi diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycan və Çinin milli-strateji mənafelərə əsaslanan qarşılıqlı faydalı münasibətlərin inkişafında maraqlı olduqları qeyd edilib və çoxşaxəli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.