İDMAN
YAP NƏSİMİ RAYON TƏŞKİLATI “GƏNCLƏR İLİ” VƏ DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ YEKUN BAYRAM TƏDBİRİ KEÇİRMİŞDİR
Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2007-ci il 9 fevral tarixli Sərəncamı ilə 2007-ci il respublikamızda “Gənclər ili” elan edilmişdir. Sənəddən irəli gələn vəzifələrlə bağlı ölkəmizdə ardıcıl olaraq müxtəlif səviyyələrdə silsilə tədbirlər həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı dekabrın 31-də “Gənclər İli”nin başa çatması, eləcə də Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə yekun bayram tədbiri keçirmişdir.
Tədbirdə rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan əlaçı, eləcə də xarici tələbələr, hazırda Vətənə xidmət edən bir qrup nümunəvi əsgər iştirak etmişlər.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova 2007-ci ilin “Gənclər İli” elan edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının əhəmiyyətini vurğulamışdır. Natiq ölkənin ictimai-siyasi, iqtisadi və elmi-mədəni həyatında gənclərin fəal iştirakını yüksək qiymətləndirmiş, onların sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində bundan sonra da təsirli tədbirlərin həyata keçiriləcəyini bildirmişdir . M.Həsənova bir sıra əlamətdar hadisələrlə əlamətdar olacaq növbəti ildə də gənclər siyasəti sahəsində yeni layihələrin həyata keçiriləcəyinə əminliyini vurğulamışdır.
Digər çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs etmiş, Dünya azərbaycanlılarının həmrəyliyi gününün rəsmi dövlət bayramı kimi təsis olunmasında dahi rəhbərimizin misilsiz xidmətlərindən danışmışlar.
Tədbirdə “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”, “Dünya azərbaycanlılarının həmrəyliyi günü və Azərbaycan diasporu”, “Müasir Azərbaycan dövləti və gənclər siyasəti”, “Qarabağ probleminin həllində gənclərin rolu”, “Uğurlu neft siyasəti Azərbaycan diplomatiyasının əsas tərkib hissəsidir”, “Bir millət, iki dövlət” mövzuları üzrə gənclər tərəfindən hazırlanmış prezentasiyalar dinlənilmişdir.
Mərasim bədii hissə ilə başa çatmışdır.