CƏMİYYƏT
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 4-də Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, YAP Naftalan şəhər təşkilatının hesabat dövründəki fəaliyyətinin əsas istiqamətlərindən biri ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlərin təbliğindən və cəmiyyətə çatdırılmasından ibarətdir: “Bu mənada, şəhər təşkilatı tərəfindən keçirilən bir çox tədbirlər məhz bu məqsədə həsr olunmuş, dövlət başçısının imzaladığı fərman və sərəncamların, keçirdiyi görüşlərin, qəbulların, səfərlərin mahiyyətinin ictimaiyyətə, partiya üzvlərinə çatdırılması işi uğurla həyata keçirilib. Təşkilatımızın IX konfransından keçən dövr ərzində Naftalan şəhərində ictimai-siyasi vəziyyət, quruculuq işləri, dövlətimizin başçısı İlham Əliyevin regionların hərtərəfli inkişafına yönəlmiş iqtisadi strategiyasının şəhərdə uğurla yerinə yetirilməsi bunun əyani sübutudur”.
Hatəm Qocayev qeyd edib ki, hesabat dövründə təşkilatımız sosial bazasını xeyli möhkəmləndirib və partiya sıralarının daha da artırılması istiqamətində kifayət qədər işlər görülüb. Partiya sıralarına 202 nəfər yeni üzv qəbul olunub və hazırda 36 ərazi ilk partiya təşkilatında 1291 nəfər partiya üzvü fəaliyyət göstərir.
Sonra YAP Naftalan şəhər təşkilatı Nəzarət-Təftiş Komissiyasının sədri Anar Əsədzadənin hesabatı dinlənilib.
Müzakirələr zamanı Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədr əvəzi İsa İsayev, Naftalan Şəhər Təhsil şöbəsinin müdiri, ərazi partiya təşkilatının sədri Rəna Dəmirova, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Faiq Rüstəmov, Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, ərazi partiya təşkilatının sədr müavini Elman Şərəfxanov hesabat dövrü ərzində görülən işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin dediyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində Yeni Azərbaycan Partiyası öz proqramında nəzərdə tutulan vəzifələri yerinə yetirib. Bu baxımdan, VII qurultayda qəbul olunmuş qərarlar, YAP-ın Sədri, Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu tövsiyə və tapşırıqlar hər bir partiya üzvü üçün yeni vəzifələr müəyyənləşdirir.
X hesabat konfransının keçirilməsi münasibətilə YAP Naftalan şəhər təşkilatının üzvlərini təbrik edən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Naftalan şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.