REGİONLAR
YAP Naxçıvan Şəhər Təşkilatının şura iclası keçirilib
Naxçıvan, 25 yanvar, AZƏRTAC
Ölkəmizdə müstəqil dövlətçiliyin inkişafı bilavasitə Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyəti ilə bağlıdır. 1992-ci ildə Naxçıvanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan partiya dahi liderin siyasi və milli dövlətçilik konsepsiyasını dönmədən reallaşdırıb, nəticədə, ölkəmiz və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sürətli inkişaf yolu keçib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirləri 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan YAP Naxçıvan Şəhər Təşkilatı şurasının iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli səsləndirib.
Təşkilatın sədri bildirib ki, Naxçıvan şəhəri 2018-ci ili İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı kimi öz tarixinə yazıb, ən müasir Avropa şəhərləri ilə müqayisə olunacaq məkana çevrilib. Ötən ilin ən mühüm siyasi hadisəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin muxtar respublikaya səfəri olub. Səfər zamanı Naxçıvan şəhərində də bir sıra sosial obyektlər istifadəyə verilib, bu əlamətdar hadisə ictimaiyyətin yaddaşında dərin təəssüratlar buraxıb.
Qeyd edilib ki, partiyanın Naxçıvan Şəhər Təşkilatı öz fəaliyyətini YAP-ın qurultayları, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının 2014-cü ilin noyabrında keçirilən V konfransı və təşkilatın Siyasi Şurasının 2017-ci il martın 16-da keçirilən iclasında qarşıya qoyulan vəzifələrin ardıcıl icrası istiqamətində qurub. Bu baxımdan təşkilatın 2018-ci il üçün iş planında nəzərdə tutulan tədbirlərin vaxtlı-vaxtında və yüksək səviyyədə həyata keçirilməsi, ilk təşkilatlarla işin gücləndirilməsi, siyasi-ideoloji işdə və partiyaya yeni üzvlərin cəlb edilməsi məsələsində keyfiyyət amili prioritet təşkil edib.
Ötən müddətdə təşkilatda 14 kütləvi siyasi tədbir keçirilib, partiyaya üzv qəbulu ilə bağlı müsahibələr aparılıb. Həmçinin 2018-ci ildə partiyaya üzv qəbul olmaq üçün müraciət edən 1084 nəfərdən 1020-si YAP sıralarına qəbul olunub. Nəticədə 2019-cu il yanvarın 1-nə YAP Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 935 nəfərə çatıb.
YAP Naxçıvan Şəhər Təşkilatı İdarə Heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında 2018-ci ildə Naxçıvan şəhərində quruculuq və abadlıq işlərinin sürətlə davam etdirildiyini, paytaxtın bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb. O, Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafının başlıca göstəricilərini diqqətə çatdırıb, şəhərdə aparılan quruculuq tədbirlərində YAP üzvlərinin fəallıq göstərdiyini bildirib.
Məruzələr ətrafında YAP Naxçıvan Şəhər Təşkilatının Şura üzvləri, YAP Universitet Şəhərciyi ərazi ilk təşkilatının sədri Asəf Əliyev və Naxçıvan Müəllimlər İnstitutu ərazi ilk təşkilatının sədri Çapay Quliyev çıxış ediblər.