SİYASƏT
YAP Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirib.
AZƏRTAC xəbər verir ki, görüşü giriş nitqi ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tədbir iştirakçılarını 44 günlük Vətən müharibəsi şəhidlərinin timsalında bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.
O, xalqımız daim öz əməli ilə dövlət başçısının ətrafında sıx birləşdiyini qeyd edib. Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapıb. Qeyd edilib ki, məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olunub.
Rayon təşkilatının sədri çıxışının sonunda rayon təşkilatının ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.