CƏMİYYƏT
YAP Nəsimi rayon təşkilatında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 11 may, AZƏRTAC
Mayın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirib.
Rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Partiyanın qurucusu, ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub.
Sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu Öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı videoçarx nümayiş etdirilib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək, ulu öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərin artıq ümumxalq bayramına çevrildiyini söyləyib. Deyib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər dastanına çevrilib. Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Məhz onun inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub.
Azərbaycan Tibb Universitetinin prorektoru, YAP Nəsimi rayon ərazi partiya təşkilatının sədri Sabir Əliyev çıxışında qeyd edib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki onu çətinliklərdən çıxara bilən, ona inam verən, öz gücünə inandıran Lideri var. Xalqın üzləşdiyi çətinliklər onun potensialını, gücünü, imkanlarını üzə çıxarmağa imkan verir. Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bir fərd, bir şəxsiyyət, bir milli lider kimi özünü sınaqdan çıxarmaqla yanaşı, Azərbaycan xalqını da sınaqlardan çıxardı, çətinliklərdən qurtardı, beləliklə, xalqda öz gücünə inam aşıladı. İnsanın, xalqın özünəinamı yalnız nailiyyətlər əldə edilməsinə gətirib çıxara bilər. Məhz Azərbaycan dövləti, Azərbaycan xalqı, bu xalqın yetirdiyi dahi, müdrik, hər birimizin qəlbində ülvi məhəbbət bəslədiyi Heydər Əliyevin şəxsiyyəti kimi, Ulu Öndərin həyatı da hər bir azərbaycanlı, xüsusilə gənclər üçün örnəkdir.
Sonra çıxış edən Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva bildirib ki, artıq bütün dünya müasir Azərbaycan dövlətçiliyinin yaradıcısının ulu öndər Heydər Əliyev olduğunu qəbul edir. Onun hələ SSRİ-nin tərkibində olduğumuz vaxtlarda Azərbaycanda gördüyü işlər, genişmiqyaslı fəaliyyəti bu gün respublikamızın müstəqil dövlət kimi yaşamasını təmin edib. Ölkəmizdə istənilən sahəyə nəzər salsaq görərik ki, onun əsası Ulu Öndər tərəfindən qoyulub.
Daha sonra bədii qiraət üzrə respublika birincisi, Bakı Xoreoqrafiya Akademiyasının tələbəsi Firuzə İsmayıl “Ulu Öndər Heydər Əliyev” şeirini səsləndirdi.
Tədbir Partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələrinin təqdim olunması mərasimi ilə başa çatıb.
Sonda partiya sıralarına qəbul edilmiş Vətən müharibəsi qazisi Quluzadə Kamalın atası Teyyub Quliyev Partiya sıralarına daxil olduğu üçün böyük fəxr hissi duyduğunu və partiya rəhbərliyinə dərin təşəkkürünü bildirdi.