REGİONLAR
YAP Qubadlı rayon təşkilatının Gənclər birliyinin hesabat-seçki konfransı keçirilib
Sumqayıt, 20 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının Gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Təşkilatın Sumqayıtda yerləşən qərargahında təşkil olunan konfransda Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayon icra hakimiyyəti başçısının müavini, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, rayonun idarə müəssisə və təşkilat rəhbərləri, YAP Qubadlı rayon təşkilatının 85 ərazi ilk partiya təşkilatlarının sədrləri və nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar YAP Qubadlı rayon təşkilatının binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.
Akt zalında keçirilən konfransda çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, təşkilat sıralarında 3617 üzvü birləşdirir. Onlardan yarısı ali təhsillidir, 200-dən çoxu idarəetmə orqanlarında çalışır.
YAP Qubadlı rayon təşkilatının Gənclər birliyinin sədri Aqil Quliyev hesabat dövründə görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.
Yığıncaqda çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, ölkəmizdə gənclərə göstərilən yüksək diqqət və qayğı əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin davamıdır. Hazırda dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Vurğulanıb ki, bu gün gənclərin ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında fəal iştirakı üçün əlverişli şərait yaradılıb.
Sonra Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov, rayon Zilanlı kənd orta məktəbinin müəllimi Sənəm Quliyeva və digərləri gənclərə göstərilən diqqət və qayğıdan, onların inkişafı üçün yaradılan şəraitdən söz açıblar.
Konfransda təşkilati məsələlərə baxılıb, YAP Qubadlı rayon təşkilatının Gənclər birliyi şurasının, idarə heyətinin üzvləri müəyyənləşib, Ülvi Qasımlı birliyin sədri seçilib. Sonra ümumrespublika konfransında iştirak edəcək nümayəndələr müəyyənləşib.
Sonda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup gəncə YAP Qubadlı rayon təşkilatının fəxri fərmanı təqdim olunub.