CƏMİYYƏT


YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının videoformatda VIII hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, rayon təşkilatı Yeni Azərbaycan Partiyasının mütəşəkkil, mübariz təşkilatlarından biridir. Hazırda rayon təşkilatı 104 ərazi ilk partiya təşkilatında 6318 partiya üzvünü birləşdirir.

O qeyd edib ki, hesabat dövründə təşkilata gənclərin axını xüsusi diqqət çəkib. Belə ki, hazırda təşkilatın üzvlərinin 31 faizini, yəni 1648 nəfərini gənclər təşkil edir.

G.Bayramov vurğulayıb ki, YAP Samux rayon təşkilatının fəaliyyətinin əsas qayəsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği təşkil edir. Bu məqsədlə rayon təşkilatında müntəzəm olaraq müxtəlif məzmunlu tədbirlər, konfranslar, görüşlər, idman, bilik yarışları və digər tədbirlər keçirilib.

Ötən ilin Azərbaycan xalqı üçün Zəfər ili olduğunu bildirən təşkilat sədri deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qazandığı bu tarixi Qələbə hər bir azərbaycanlıya yeni həyat bəxş edib. Azərbaycan yeni reallıqlar yaradıb ki, bu da həm ölkəmiz, həm də bütövlükdə region üçün perspektivlər vəd edir, yeni çağırışlar formalaşdırır. Qeyd olunanlar fonunda Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi zamanın tələbinə çevrildi. Biz gələcəyə çox böyük inamla baxırıq. Seçdiyimiz yol Heydər Əliyev yoludur, müstəqil Azərbaycanımızı, xalqımızı xoşbəxtliyə, dövlətimizi müasir, zəngin və qüdrətli dövlətlər sırasına aparan yoldur. Xalqımız əmindir ki, Azərbaycana daim uğurlar gətirən bu yol bundan sonra da uğurlu olacaq”.

Sonra YAP Samux rayon təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Şakir Məmmədovun hesabatı dinlənilib.

Müzakirələr zamanı YAP Samux rayon təşkilatı İdarə Heyətinin üzvü, Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin deputatı Nizami Səfərov, rayon təşkilatının sədr müavini Şəmistan Yusifov, Samux şəhər 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Nuridə Həsənova, rayon təşkilatı Gənclər Birliyinin üzvü Qurban Həsənov çıxış edərək təşkilatın hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, partiyanın uğurlarının əsasında xalqın sevgisi, dəstəyi dayanır. Yarandığı gündən xalqın partiyası kimi tanınan və nüfuz qazanan Yeni Azərbaycan Partiyası öz sıralarında 760 mindən artıq üzvü birləşdirir. Bu rəqəm xalqın Heydər Əliyev ideyalarına sadiqliyinin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Heydər Əliyev ideyaları Azərbaycanın dünəninin, bu gününün və sabahının əsasıdır. Bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.

Ə.Tağıyev YAP Samux rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Konfransda YAP Samux rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.